BİSMİLLAHİR RAHMANİR RAHİM
İslamda cihad Füruiddinin dördüncü maddəsi olan "cihad" ərəb sözüdür və lüğəti mənası "cəhd etmək", "çalışmaq" deməkdir. Buna dini ədəbiyyatlarda vuruş, qəzavat, müharibə də deyilir.
Bir vaxtlar "cihad" dedikdə müsəlmanların İslam düşmənlərinə qarşı vuruş əməliyyatları nəzərdə tutulurdu. Onu da qeyd edək ki, qeyri-müsəlmanlar cihad elan olunmasını daim böyük təşvişlə qarşılamış və bundan hədsiz ehtiyat etdiklərini heç vaxt gizlətməmişlər (çağdaş günümüzdə də bunu müşahidə etməkdəyik).
IX-X əsrdən başlayaraq "cihad" məvhumu yeni məzmun kəsb edərək özünün ən yüksək forması olan "mənəvi cihad" anlayışını yaratmışdır ki, bu da Allah yolunda möminlərin özlərini daxilən təmizləməsi anlamını ifadə edir.
İslamda cihadın 4 növü xatırlanır:
1. Ürək cihadı - yəni insanın öz nöqsanlarına və pis adətlərinə qarşı mübarizə aparması.
2. Dil cihadı - xeyirli işlərə hökm verilməsi və şər işlərin qadağan edilməsi.
3. Əl cihadı - təqsirli cinayətkarlar haqqında cəza tədbirlərinə əməl edilməsi.
4. Qılınc cihadı - İslam dininin mövcudluğu naminə mübarizə aparılması.
Cihadın əsas əlamətlərinə əməl edən şəxslər "fədai", yəni "ideya naminə özünü qurban verən" adlanır. "Fədai" dedikdə, ilk növbədə sosial, sosial-dini, həmçinin milli azadlıq uğrunda mübarizə aparan şəxs nəzərdə tutulur. Və bu cür mübarizələrdə, xüsusən də din yolunda həlak olanlara "fədai" və ya "şəhid" adı verilir.
Allaha qovuşmanın ən yüksək məqamı şəhidlik sayılır. Əksər müsəlman ölkələrində milli-azadlıq hərəkatının vüsət aldığı dövrdə cihad ideyalarından müstəmləkəçiliyə qarşı mübarizəni genişləndirmək üçün istifadə edilib və edilməkdədir.
Dini mənbələrdə göstərilir ki, İslam peyğəmbəri (s) Ühüd döyüşündən qayıdarkən iki cür cihadın - böyük və kiçik cihadın olduğunu söyləyir: "Din, vətən yolunda vuruş kiçik cihad - qılınc cihadıdır ki, öldürdük, öldürdülər və bununla da qurtardı. Ən əsası böyük cihaddır ki, bu, insan daxilində olan mənəviyyatı (əqli) ilə "nəfzi-cihad" - ürək cihadıdır. Bu cihad zamanı insan öz daxilində haqq ilə nahaqq arasında mübarizə aparır; yaxşı əməlləri həyata keçirir, pis əməllərdən qurtulmağa çalışır".
Cihad haqqında Qurani-Kərimin "Ənkəbut", "Maidə", "Furqan" və digər surələrində ətraflı bilgi verilmişdir.